Cahangir Zeynalov
(1865-oktyabr 1918)

Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza da, özü də tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxırdı. Hətta 1916-1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən «Teatro dəftərçəsi» (Əxs etdiyim hərəkətlər) nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır.
Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutar, pul yardımı edərdi. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. Otağın baş hissəsində, xərc çəkib səhnə də düzəltdirmişdi. Hacağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Soltanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq etmiş, tamaşalar hazırlamışlar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılırdı və xərci Kərbəlayı özü ödəyirdi.
Cahangir Zeynalov səhnədə əvvəllər Həbib bəy Mahmudbəyovla Soltanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb.
XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin («Şirkət» də deyilib) təşkilində Zeynalovun müstəsna rolu olub. «Nicat» (1906) və «Səfa» (1912), «Nəşri-maarif» mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. «Şəfa»nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. «Şəfa»nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan «Səfa» məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, dəfələrlə, «Səfa» Teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilmişdi. Hətta 1914-cü ildə sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutmuşlar.
Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley (Yomi ali) keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə «Nicat» cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr -1910) Tağıyev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olmuş, fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırmış, Mirzə Fətəli Axundzadənin «Lənkəran xanın vəziri» komediyası oynanılmış, Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa etmişdi. Yubiley münasibətilə «Günəş», «Kaspi», «Nicat», «Səda», «Bakı», «Bürhani-Tərəqqi», «Qafqazskaya kopeyka» qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap etmişdi. Yubiley gecəsi «Nicat» tərəfindən Səməd bəy Acalov, Gürcü nəşri-maarif cəmiyyətindən Nasidze, bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə, «Maloross», «Kulturnıy soyuz», «Prosvita», «Nəşri-maarif», «İttihad», «Yəhudilər» cəmiyyətləri, «Yeni Fyüzat», «Molla Nəsrəddin» məcmuələri, «Səda», «Tərcüman» qəzetləri aktyoru təbrik etmiş, ona qiymətli hədiyyələr bağışlamışdılar.
Mirzağa Əliyev, Hacağa Abbasov, Məmmədəli Vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində Kərbəlayı Cəhangirin böyük xidmətləri olub. O, «Nicat», «Səfa», «Müsəlman Artistləri İttifaqı»nın, Hacıbəyov qardaşlarının «Opera və dram truppası»nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırmışdır. Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəmiş, ancaq amansız ölüm bu arzuya kölgə salmışdı. Üç yaşında valideyni Cahangir Zeynalovu itirmiş Nəsibə Zeynalova sonralar atasının bünövrəsini qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixləşdi.
1918-ci ilin 17 martında erməni daşnakları Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gedib. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə «Ardahan» gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb və Kərbəlayı Cəhangir də həmin azara tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib. Aktyor son dəfə səhnəyə «İsmailiyyə» zalında oynanan «Hacı Qara» tamaşasında baş rolda çıxıb.
Cahangir Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundzadənin «Hacı Qara»sında Hacı Qara, «Müsyö Jordan və dərmiş Məstəlişah»da Şabaz bəy və Məstəli şah, «Molla İbrahimxəlil kiyagər»də Molla İbrahimxəlil, «Xırs quldurbasan»da Tarverdi, «Lənkəran xanın vəziri»ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun «Hacı Qəmbər»ində Hacı Qəmbər, «Ağakərim xan Ərdəbil»də Ağakərim xan, «Müsibəti Fəxrəddin»də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsində Tavad Maqobeli, Rzaqulu Mirzə, Mirzə Cəfər xan, «Bəxtsiz cavan» («Tamah»), «Kimdir müqəssir?», «Millət dostları» dramlarında Kişi, Hacı Səməd ağa, Mahmud, «Xəyalət»də Dərviş, Nəriman Nərimanovun «Dilin bəlası»nda Şamdan bəy və Hacı İbrahim, «Nadir şah» faciəsində Ədhəm və Cavad, İsmayıl Rüstəmbəyovun «Dövləti bisəmər», Mehdi bəy Hacınskinin «Sultan Əbdüləzizin xəli» pyeslərində Hacı Fərəc, Həsən Xeyrulla Əfəndi, Süleyman Sani Axundovun «Tamahkar»ında Hacı Murad rolları və Soltanməcid Qənizadənin «Axşam səbri xeyir olar» (Məşədi Şaban), «Xorxor» (Seyfulla), «Dursunəli və ballıbadı» (Dürsunəli), Məmmədhəsən Həsənovun «Pinəçi Seyfulla» (Seyfulla), Vasaq Mədətovun «Qırt-qırt» (Ağa Murad), İsgəndər Məlikovun «Yaxşılığa yamanlıq», «Molla Nəsrəddin» (Molla Nəsrəddin) vodevillərində əsas obrazlar.
Tərcümə əsərlərindən Lev Tolstoyun «Əvvəlinci şərabçı» (Potap), Şillerin «Qaçaqlar» (Qoca Moor), Molyerin «Zorən təbib» (Eyvaz), Şəmsəddin Saminin «Dəmirçi Gavə» (Qubad və Fərhad), «Əhdə vəfa» (Zübeyr), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin «Əmir Əbül Üla» (Rəbi), S.Lanskoyun «Qəzavat» (Qoca sərkərdə), Vano Mçedaşvilinin «Qaçaq Kərəm» (Çinovnik və Xanın katibi), Namiq Kamalın «Vətən» («Vətən, yaxud Osmanlı müharibəsi». Şeyxülislam) tamaşalarında oynayıb.
Yuxarıda sadalanan rolların əksəriyyətini dəfələrlə müxtəlif quruluşlarda ifa etmiş Cahangir Zeynalov bəstəkar Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» operettasında Rza bəy və Rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb.
Rejissor kimi də səmərəli fəaliyyət göstərən Cahangir Zeynalov 1913-cü ildə «Səfa»da dramaturqlardan Mirzə Fətəli Axundzadənin «Hacı Qara», Nəcəf bəy Vəzirovun «Hacı Qəmbər», Namiq Kamaln «Vətən», Zülfüqar bəy Hacıbəyovun «Evliykən subay», 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin «Millət dostları», Molyerin «Zorən təbib», 1915-ci ildə Namiq Kamalın «Əhdə vəfa», digər illərdə müxtəlif truppalarda Cəlal Yusifzadənin «Fərhad və Şirin» (opera), Şəmsəddin Saminin «Dəmirçi Gavə», Nəriman Nərimanovun «Nadir şah Əfşar» əsərlərinə quruluşlar verib.
Cahangir Zeynalov xalq folklorunun mayasından şirələnən yumordan yaradıcılıqla bəhrələnirdi.
O dövrdə dəbdə olan süni pafosla danışmaqdan, ritorikadan, boğazdan yuxarı deklomasiyaçılıqdan, saxta hərəkətlərdən cəsarətlə imtina edib.
Teatrda estetik savadsızlığın əleyhinə çıxaraq real oyun ifa üslubunun sistemlər toplusunu yaradıb.
Oynadığı rolda doğruçuluğa, həyatiliyə, inandırıcılığa nail olmaq üçün obrazın daxili inkişaf məntiqinə əsaslanıb, müxtəlif üslubları sintez edə bilib.
Onun aktyor məktəbi köklü və davamlı prinsiplər əsasında qurulmaqla öz poetikasının müəyyən vacib göstərici-prinsiplərini formalaşdırıb.
Rolunu nə qədər coşğun ehtirasla, çılğın temperamentlə oynasa da, heç vaxt personajın daxili sürət-ritminin inkişaf ahəngindən çıxmır, həmin rolla təqdim etmək istədiyi estetik fikrin mahiyyətindən uzaqlaşmır, həqiqət hissinə daim sadiq qalırdı.
Obrazın (məsələn Hacı Qara, Vəzir) ictimai-sosial mənşəyindən çıxış edərək onun cəmiyyətdə tutduğu mövqeyini özü üçün aydınlaşdırır və buna uyğun məntiqlə rolun davranışını, geyimini, danışığını müəyyənləşdirirdi.
Dramatik rollar (Hacı Səməd, Qoca Moor) oynasa da, təbiətən komik olan Cahangir Zeynalov sənətdə hər cür zahiri əyləndiriciliyin, yüngül oyunbazlığın, şitliyin əleyhinə çıxır, teatrı yüksək hisslərə çıraq tutan məbəd kimi qiymətləndirirdi.
El arasında həmişə özünü yüksək ləyaqətlə, ağır ağayanalıqla aparar, hər yerdə hörmət-izzəti uca tutulardı, onu müdrik ağsaqqal, xeyirxah ziyalı kimi qəbul edərdilər.
Aktyorluq peşəsini müqəddəs tutar, sənətinə ciddi yanaşmayanları tənbeh edər, bütövlükdə teatra əvəzsiz tərbiyə ocağı kimi baxardı.

  • Ədəbiyyat: Cahangir Zeynalov (Həyat və yaradıcılığı haqqında sənədlər). – Bakı, Azərnəşr, 1968.
  • Cəfər Cəfərov. Seçilmiş əsərləri, 2 cilddə.II-ci cild, Bakı, Azərnəşr, 1968.
  • A.Qasımova. Cahangir Zeynalov. – «Azərbaycan incəsənəti, 8-ci cild, Bakı, 1962» buraxılışında (rusca).
 
 
:::: Anons ::::

Mayın 31-də Rusiyanın məşhur “Krasnoye Sormovo” gəmiqayırma zavodunda yeni RST22 layihəsi əsasında hazırlanan tankerinin təntənəli suya buraxılma mərasimi keçirilib...

Ətraflı

 
 Mükafatlar
 Mətbuatda
 Atası - Zeynəlov Cahanqir Məşədi Rza oğlu
 Oğlu - Novruzov Cahanqir Mütəllib oğlu
 “Nəsibə Zeynalova” tankeri
 Sayt haqqında
 
 
 
 
Azərbaycan Respublikasının xalq artisti
Nəsibə xanım Zeynalovanın 90 illik yubileyinə həsr olunur.
Designed by: FG